Layihə haqqında
Ətraf mühitin mühafizəsi üçün atılan hər bir addım bizim ümumi uğurumuz olacaq.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin dayanıqlığını təmin etmək, müdaxilə hallarının aradan qaldırılmasına, dəqiqləşdirilmiş inventarizasiya və reyestr platformasının formalaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə nail olmaqdır. Layihənin pilot mərhələsi 2022-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Pilot layihə çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında və abad həyət komplekslərindəki ağaclar uçota alınaraq inventarlaşdırılmış, hər bir ağacı identikləşdirən inventar lövhələri vurulmuşdur. Layihə çərçivəsində aparılan inventarlaşdırma işləri şəhərin inzibati ərazisini, o cümlədən parkları, yol kənarlarını və həyətyanı sahələri əhatə edir. Proses aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
- Təlim keçmiş qruplar tərəfindən sahə işlərinin aparılması;
- Hər bir ağacın unikal identifikasiya nömrəsi ilə qeydiyyata alınması;
- Ağac haqqında məlumatların — növü, ölçüsü, yaşı, sağlamlıq vəziyyəti və s. — xüsusi uçot vərəqələrinə daxil edilməsi;
- Məlumatların mərkəzləşdirilmiş elektron bazada toplanması.
Yaşıllıqların qeydiyyatı üçün xüsusi tətbiq vasitəsilə ağacların fotoları çəkilir, çəkilmiş şəkillərə GPS koordinatları, tarix, saat və digər identifikasiyaedici məlumatlar avtomatik əlavə olunur. Hər bir ağac üçün fərdi profil yaradılır və bu profillər vahid sistemə inteqrasiya olunur. Ağacların nömrələnməsi tam zərərsiz üsulla həyata keçirilir. Etiketlər davamlı materialdan hazırlanır, üzərində isə unikal inventar nömrəsi, fərdi profilə keçid imkanı verən QR-kod yerləşdirilir. Layihənin hazırlanması zamanı ABŞ, Almaniya, İngiltərə və Avstriya kimi ölkələrin yerli idarəetmə təcrübələri nəzərə alınaraq oxşar metodikalardan istifadə edilmişdir. Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə agac.etsn.az portalı sınaq rejimində istifadəyə verilib. Bu platforma vasitəsilə şəhərdəki ağaclar haqqında bütün məlumatlara asanlıqla əlçatanlıq təmin ediləcək. Veb-saytda ağacların xəritə üzərində interaktiv şəkildə göstərilməsi, onların şəkilləri və ətraflı məlumatlarının təqdim edilməsi nəzərdə tutulur. Ağaclar, iqlim dəyişikliyinə qarşı mübarizə aparan, biomüxtəlifliyin qorunmasına töhfə verən və təmiz hava təmin edən əvəzolunmaz təbii sərvətlərdir. Yaşıllıqların qanunsuz şəkildə məhv edilməsi, ekosistemin zədələnməsinə səbəb olur. Bu problemin həlli üçün ardıcıl və ciddi mühafizə tədbirlərinin görülməsi vacibdir. Qeyd edilməlidir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyləri ilə ölkədə yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu layihələrdən bəziləri “Yaşıl Marafon”, “Yanğından Yaşıllığa” və digər ekoloji təşəbbüslər yaşıllıqların bərpası və genişləndirilməsi məqsədini güdür və təbiətimizin yaşıl gələcəyinə olan dəstəyimizi daha da möhkəmləndirir. Şəhər yaşıllıqlarının inventarlaşdırılması layihəsinin tərəfdaşları, hər kəsi yaşıllıqların qorunması və artırılmasına dəstək olmağa çağırır. Təbiətimiz və şəhərimizin yaşıl gələcəyi üçün birgə addımlar atmalıyıq.